1. Ana səhifə
  2. Müraciətlər
  3. 30 aprel 2026

Fars Körfəzi Milli Günü münasibətilə mesaj

Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Rəhman və Rəhim Allahın adı ilə

Uca Allahın regionumuzun müsəlman xalqlarına, xüsusilə İslam İranının şərəfli xalqına bəxş etdiyi əvəzsiz nemətlərdən biri «Fars körfəzi» nemətidir. Bu, sadəcə bir su hövzəsindən daha artıq olan bir nemətdir; o, kimliyimizin və sivilizasiyamızın bir hissəsini formalaşdırmış, xalqları birləşdirən nöqtə olmaqla yanaşı, Hörmüz boğazında və ondan sonra Oman dənizində dünya iqtisadiyyatı üçün həyati və bənzərsiz bir yol yaratmışdır.

Bu strateji sərvət keçmiş əsrlərdə bir çox şeytanların tamahını oyatmışdır. Avropalı və amerikalı əcnəbilərin təkrar-təkrar təcavüzləri, region ölkələri üçün çoxsaylı təhlükəsizlik problemləri, zərərlər və təhdidlər dünya müstəkbirlərinin Fars körfəzi regionunun sakinlərinə qarşı məşum planlarının yalnız bir hissəsidir ki, onun ən son nümunəsi Böyük Şeytanın son vaxtlardakı quldurcasına hədə-qorxuları oldu.

Fars körfəzində ən uzun quru sahilinə malik olan İran xalqı Fars körfəzinin müstəqilliyi və əcnəbilərə və təcavüzkarlara qarşı mübarizə yolunda ən çox fədakarlıq göstərmişdir; ordibeheşt ayının 10-unun Fars Körfəzi Milli Günü adlandırılmasına əsas olan portuqaliyalıların qovulması və Hörmüz boğazının azad edilməsindən tutmuş Hollandiya müstəmləkəçiliyinə qarşı mübarizəyə və İngiltərə müstəmləkəçiliyinə qarşı müqavimət dastanlarına və sairəyə qədər. Lakin İslam İnqilabı müstəkbirlərin əlinin Fars körfəzi regionundan qısaldılmasında bu müqavimətlərin dönüş nöqtəsi oldu və bu gün dünya zorakılarının regionda həyata keçirdikləri ən böyük qoşun yeridilməsi və təcavüzdən və Amerikanın öz planında rüsvayçı məğlubiyyətindən iki ay keçdiyi bir vaxtda Fars körfəzinin və Hörmüz boğazının yeni fəsli yazılmaqdadır.

Uzun illər boyu hakimlərinin zorakılar və təcavüzkarlar qarşısında susmasına və zilləti qəbul etməsinə alışmış Fars körfəzi regionunun xalqları son altmış gün ərzində əziz İranın cənub diyarının xalqının və gənclərinin qeyrəti və igidliyi ilə yanaşı, Ordunun və Keşikçilər Korpusunun Dəniz Qüvvələrinin qəhrəman igidlərinin əcnəbi hökmranlığını rədd etməkdə göstərdikləri mətanət, ayıqlıq və mücahidliyin gözəl təzahürlərini öz gözləri ilə gördülər.

Bu gün Uca və Əzəmətli Haqq Təalanın inayəti ilə və üçüncü təhmil olunmuş müharibənin məzlum şəhidlərinin, xüsusilə İslam İnqilabının uca şəxsiyyətli və uzaqgörən Rəhbərinin (Allah onun şərəfli məqamını uca etsin) qanının bərəkəti ilə təkcə dünya ictimaiyyəti və region xalqları üçün deyil, hətta ölkələrin sultanları və hakimləri üçün də sübuta yetdi ki, amerikalı əcnəbilərin varlığı və onların Fars körfəzi torpaqlarında yuva salması regionda təhlükəsizliyin pozulmasının ən mühüm amilidir və Amerikanın saxta bazaları hətta öz təhlükəsizliyini təmin etmək gücündə deyil; qaldı ki, Amerikanın regiondakı asılı qüvvələrin və Amerikaya pərəstiş edənlərin təhlükəsizliyini təmin edəcəyinə ümid bəslənilsin.

İlahi qüdrət və qüvvət sayəsində Fars körfəzi regionunun parlaq gələcəyi Amerikasız və onun xalqlarının tərəqqisinə, rahatlığına və rifahına xidmət edən bir gələcək olacaqdır. Biz Fars körfəzi və Oman dənizi su hövzəsində qonşularımızla «taleyi bir» olanlarıq və minlərlə kilometr uzaqdan tamahkarlıqla orada şərarət törədən əcnəbilərin orada yeri yoxdur, onun sularının dibindən başqa. Uca və Bərəkətli Rəbbin lütfü ilə müqavimət tədbirləri və siyasətləri və güclü İran strategiyası sayəsində gerçəkləşmiş bu zəfərlər zənciri regionda və dünyada yeni nizamın müjdəçisi olacaqdır.

Bu gün İran xalqının möcüzəvi oyanışı sionizmə və qaniçən Amerikaya qarşı mübarizədə canını fəda etməyə hazır on milyonlarla insanla məhdudlaşmayıb; ayağa qalxmış İslam ümmətinin bir-birinə bağlı səflərinin önündə ölkə daxilində və xaricində doxsan milyon qeyrətli və şərəfli iranlı həmvətən bütün kimlik, mənəvi, insani, elmi, sənaye potensiallarını, eləcə də nanodan və biotexnologiyadan tutmuş nüvə və raket texnologiyalarına qədər əsas və müasir texnologiyaları öz milli sərvəti hesab edir və su, quru və hava sərhədləri kimi onların keşiyində dayanacaqdır.

İslam İranı Hörmüz boğazı üzərində idarəetmənin həyata keçirilməsi nemətinə əməli şükürlə Fars körfəzi regionunu təhlükəsiz edəcək və düşmən tərəfin bu su yolundan sui-istifadələrinə son qoyacaqdır. Hörmüz boğazının yeni hüquqi qaydaları və idarəetməsi region xalqlarının hamısının xeyrinə rahatlıq və tərəqqi gətirəcək, onun iqtisadi nemətləri isə xalqın qəlbini şad edəcəkdir; Allahın izni ilə, kafirlər xoşlamasa da.

Seyid Müctəba Hüseyni Xamenei 10 ordibeheşt 1405