Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Ləbbeyk, Allahummə ləbbeyk, ləbbeyk, la şərikə ləkə ləbbeyk, innəl-həmdə vən-ne'mətə ləkə vəl-mulk...
İlahi! Sənin dəvətinə cavab verirəm, Sənin heç bir şərikin yoxdur və bütün həmdlər, bütün nemətlər, bütün mülk və qüdrət Səndəndir və Sənə məxsusdur...
Bu ilin həcc mövsümü də gəlib çatdı və İslam ümmətinin hacıları bəndəlik ehramı bağladılar və təlbiyə dedilər ki, maddi və adi həyatdan ilahi və səadətli həyata – Haqq-Taalaya (Onun cəlalı uca olsun) bəndəlik mehvərində qurulan, Allaha şərik qoşulanları rədd və inkar edən və onlardan bəraət edən tövhidi həyata hicrət etsinlər. Lakin bu hicrət fürsəti yalnız bu ilin Beytullah zəvvarlarına və hacılarına məxsus deyil; İranın və bütün dünyanın bütün müsəlman qardaş və bacılarını – ömürlərinin keçmiş illərində hacı olmuş kəslərdən tutmuş hələ həcc əməllərini yerinə yetirməyə müvəffəq olmamış kəslərə qədər – əhatə edir.
Bu hicrətin şərti Allahın zikri ətrafında daimi ehram bağlamaqdır; Haqq mehvəri ətrafında daimi təvafdır; ilahi vəzifələrin ağır zirvələri arasında daimi səydir; şər şeytanı, onun aldadıcı təzahürlərini və bütün quyruqlarını daimi daşqalaq etməkdir; diqqət və yalvarışla qovuşmuş vüqufdur; əlsiz-ayaqsız yoxsulu və yolçunu doyurmaqdır; azdırıcı həvəs və meylləri qurban kəsmək və daxili murdarlıqları təmizləməkdir; və bütün hallarda xidmətə hazır olmaq və haqqın müdafiəsi bayrağını ucaltmaqdır.
Və məhz belə oldu ki, İran milləti İslam İnqilabının miqatında bu hicrət yoluna qədəm qoydu, böyük Xomeyninin İbrahimi çağırışına cavab verdi, zülmə boyun əymək libasını əynindən çıxardı, dünya və axirət səadətinin ehramını geyindi və ləbbeyk deyərək və hərvələ edərək Məhəmmədi saf İslamın (Allahın salavatı ona və onun ailəsinə olsun) maarifi mehvərində təvaf etməyə və özünü dünyanı nurlandıran ümumdünya ədalətinin və böyük vilayətin nuruna yaxınlaşdırmağa çalışdı. Allah böyükdür, Allah böyükdür, Allahdan başqa heç bir məbud yoxdur və Allah böyükdür, Allah böyükdür və həmd Allaha məxsusdur, bizi hidayət etdiyinə görə Allah böyükdür.
Bəli, Allahu Əkbər... Və məhz bu «Allahu Əkbər» silahı ilə idi ki, İranın müsəlman milləti qırx yeddi il bundan əvvəl qiyam etdi, tağuti, diktator və asılı Pəhləvi rejimini devirdi, tamahkar və istikbarçı Amerikanın əl-ayağını ölkədən kəsdi və sionizmin nüfuzunu tamamilə qırdı.
Məhz bu «Allahu Əkbər» silahı ilə idi ki, Səddamın Bəs rejiminin İran torpağına təcavüzündən sonra qeyrətli mücahidlər və fədakar gənclər səkkiz illik Müqəddəs Müdafiə dastanını yaratdılar və Şərqin və Qərbin bütün güclərinin Bəs rejiminə dəstəyinə baxmayaraq onu yerində oturtdular və bu dirənişi sonrakı illər boyu iqtisadi mühasirələr, çevriliş, zalım sanksiyalar və düşmənlərin İslam Respublikasına qarşı saysız-hesabsız siyasi, təbliğati və iqtisadi hücumları qarşısında möhkəm və sabitqədəm şəkildə davam etdirdilər.
Və Allahu Əkbər... Məhz bu «Allahu Əkbər» silahı idi ki, İslam ümmətinin və Müqavimət cəbhəsinin mücahid gənclərinin bağlılıq tellərini İrandan Livan, Fələstin, İraq və Suriyaya qədər, Afrika və Yəməndən Əfqanıstan və Pakistana və dünyanın bütün azadlıqsevər millətlərinə qədər möhkəmləndirdi ki, bu möhkəm ip təcavüzkar sionist qəsbkarlar qarşısında İslam ümmətinin varlığını müdafiə etməyə qalxsın, DAİŞ-in tumarını büksün, «Əl-Əqsa tufanı»nı başlatsın və laxlamış sionist rejimin nəfəsini kəssin.
Allahu Əkbər; bəli, Mübarək və Uca Allah vəsf ediləcəyindən daha böyükdür... Bu «Allahu Əkbər» silahı idi ki, İran İslam Respublikası ona arxalanaraq 1404-cü ilin xordad ayında ikinci təhmil olunmuş müharibədə sionist rejimi öz sarsıdıcı zərbələri altında aciz qoymağa, təcavüzkar Amerikaya sərt bir şillə vurmağa və düşməni İranı təslim etmək məqsədində uğursuzluğa düçar etməyə müvəffəq oldu.
Və «Allahu Əkbər» silahı İran millətinə elə bir qüvvət və güc bəxş etdi ki, uca məqamlı rəhbərin, Həzrət Peyğəmbərin (Allahın salavatı ona və onun ailəsinə olsun) layiqli övladı Həzrət Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin (Allah onun şərəfli məqamını uca etsin) bugünkü dünyanın əşqiyalarının əli ilə şəhadəti kimi ürəkyandıran hadisədən sonra o, ilahi oyanış tapdı və ehtiyac duyulan hər bir sahədə hərtərəfli iştirakı ilə öz iftixar doğuran əməlləri ilə dünyanın gözlərini qamaşdırdı.
Allahu Əkbər; həqiqətən, Mübarək və Uca Allah vəsf ediləcəyindən daha böyükdür... Məhz bu «Allahu Əkbər» silahı ilə idi ki, İslami İranın qeyrətli döyüşçüləri və canından keçən silahlı qüvvələri Müqavimət cəbhəsinin, xüsusilə əziz Livanın mücahidləri ilə birlikdə üçüncü təhmil olunmuş müharibədə dişinə qədər silahlanmış iki terrorçu Amerika-sionist ordusu qarşısında parlaq qələbələr qazandılar; Rəbbə təvəkkül edərək, quruda, havada və dənizdə öz raketləri və pilotsuz uçan aparatları ilə böyük şeytanı, yəni Amerikanı və onun əhliləşdirilmiş heyvanı olan sionist rejimi daşqalaq etdilər və Allah yolunda mübarizə aparanlara yardım barədə ilahi doğru vədi öz gözləri ilə gördülər.
Və yenə də Allahu Əkbər; şübhəsiz ki, Mübarək və Uca Allah vəsf ediləcəyindən daha böyükdür və Onun ordusu hər bir gücə qalib gəlir... Və məhz bu «Allahu Əkbər» silahı ilədir ki, İran millətinin və Müqavimət cəbhəsinin oyanışının ardınca İslam ümmətinin oyanışı gerçəkləşəcək və müşriklərdən bəraət həccdəki cəmərələrin daşqalaq edilməsindən dünyanın ən ucqar nöqtələrində müsəlmanların fərdi, ictimai və siyasi həyatının səhnələrinə yayılacaqdır.
İslam ümməti və regionun millətləri regionun və dünyanın yeni nizamını və gələcək həndəsəsini formalaşdıracaq çoxlu ortaq imkanlara və maraqlara malikdirlər. Mən səmimiyyət və ixlasla bütün İslam ölkələrini və dövlətlərini dostluğa və xeyir və yaxşılıqda əməkdaşlığa dəvət edirəm ki, bir-birimizlə əməkdaşlıq edərək İslam ümmətinin tərəqqisi və İslam dünyasının problemlərinin həlli yolunda addım ataq.
Bu sahədə şübhəsiz olan budur ki, zamanın əqrəbi geri dönmür və regionun millətləri və torpaqları artıq Amerika bazalarının qalxanı olmayacaqlar. Amerika regionda şərarət və hərbi baza yerləşdirmək üçün artıq təhlükəsiz bir nöqtəyə malik olmamaqla yanaşı, gündən-günə öz əvvəlki vəziyyətindən uzaqlaşır. Laxlamış sionist rejim və İsrail xərçəng şişi də öz uğursuz ömrünün son mərhələlərinə yaxınlaşmışdır və ilahi lütf ilə və uca məqamlı şəhid rəhbərin (Allah onun pak nəfsini müqəddəs etsin) on il bundan əvvəlki qəti və uzaqgörən sözünə (1) uyğun olaraq, o tarixdən iyirmi beş il sonranı görməyəcəkdir, inşallah.
Buna görə də bu il müşriklərdən bəraət məsələsi ikiqat əhəmiyyət daşıyır və Amerikadan və sionist rejimdən bəraətin dərinliyi və genişliyi həcc mövsümündə və miqatında keçirilən bəraət mərasimindən daha ötədir; İranın və dünyanın müxtəlif nöqtələrində və bu mübarək günlərdən sonra «Ölüm Amerikaya!» və «Ölüm İsrailə!» İslam ümmətinin və dünya məzlumlarının, xüsusilə gənclərin geniş yayılmış şüarı olacaqdır.
Gələcək İslam ümmətinə və yeni İslam sivilizasiyasına məxsusdur və hər birimiz öz himmətimiz, imkanımız və məsuliyyətimiz ölçüsündə bu gələcəyin gerçəkləşməsində və ona daha da yaxınlaşmaqda rol oynaya bilərik.
Bu ilki həccdə iranlı zəvvarların və hacıların üçüncü təhmil olunmuş müharibənin qələbəsinin hekayətini digər müsəlman qardaş və bacılarına çatdırmaqda və onları parlaq gələcəyə ümidləndirməkdə təsirli və görkəmli rolu vardır.
Bütün əziz hacılardan xahiş edirəm ki, bəşəriyyətin xilaskarının (Uca Allah onun zühurunu tezləşdirsin) zühurunun tezləşməsi üçün duaya səy göstərsinlər, İslam ümmətinin vəhdəti, Fələstinin və Məscidül-Əqsanın azadlığı, müsəlmanların böyük çətinliklərinin aradan qalxması və qlobal istikbar qarşısında son zəfərə çatmaq üçün dua etsinlər və məni də öz xeyir-dualarına şamil etsinlər.
Pərvərdigara! Məhəmmədə və Məhəmmədin ailəsinə salavat göndər, lütf və şəfqət nəzərini hacıların və bütün İslam ümmətinin halına şamil et, onlara məqbul həcc tofiqi nəsib et, qəlblərini mərifət və bəsirət nurları ilə işıqlandır və ümmətin halının islahı və İslam düşmənləri üzərində son zəfər yolunda hərəkət etmək üçün onların əzm və iradəsini daha da möhkəmləndir.
Pərvərdigara! Öz geniş lütfünü və rəhmətini Allah yolu şəhidlərinin, xüsusilə Müqavimət cəbhəsinin şəhidlərinin və onların başında uca məqamlı şəhid rəhbərin (Allah onun şərəfli məqamını uca etsin) pak ruhlarına nazil et; ümmətin rəhbərinin hidayəti və rəhbərliyinə şamil olmuş hacıların həccindən, ibadət edənlərin ibadətindən və səy göstərənlərin səyindən onun mələkuti ruhuna bol pay yetir və İran millətinə və İslam ümmətinə onun yolunun və hədəfinin davam etdirilməsində yardım et.
Pərvərdigara! Ən üstün salavatlarını və salamlarını Ağamız və Mövlamız Həzrət Məhdiyi-Müntəzərə (Allahın salavatı və salamı ona və onun pak atalarına olsun) nazil et, hamımızı və İslam ümmətini o Həzrətin pak və müstəcab dualarına şamil et və vəd etdiyin kimi dünyanı onun mübarək qədəmləri ilə nurlandır və bəzə; qəlblərimiz o qəti vədə etimadla doludur. «Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onlardan əvvəlkiləri xəlifə etdiyi kimi, onları da yer üzündə mütləq xəlifə edəcək, onlar üçün bəyəndiyi dinlərini möhkəmləndirəcək və qorxularından sonra onları əmin-amanlığa çıxaracaqdır.»
Bütün müsəlman qardaşlarımıza Allahın salamı, rəhməti və bərəkətləri olsun.
Seyid Müctəba Hüseyni Xamenei, 5 xordad 1405, 9 zilhiccə 1447
1) Xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan, 18.06.1394