1. Ana səhifə
  2. Müraciətlər
  3. 18 aprel 2026

İran İslam Respublikası Ordusunun Günü – 29 fərvərdin münasibətilə mesaj

Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Mərhəmətli və Rəhmli Allahın adı ilə

«Həqiqətən, Allah Öz yolunda sanki bir-birinə möhkəm bərkidilmiş bina kimi səf bağlayaraq vuruşanları sevir.»

Böyük Xomeyninin (Allah ona rəhmət etsin) hikmətli təşəbbüsü ilə bu adla adlandırılmış 29 fərvərdini – İran İslam Respublikası Ordusunun mübarək doğum gününü bütün hərbçilərə, onların hörmətli ailələrinə və böyük İran millətinə təbrik edirəm.

İslam İnqilabının qələbəsi ordunun həyatının iki mərhələsi arasında ayırıcı xətt sayılır və onu bu torpağın düşmənləri tərəfindən və daxili xainlərin əli ilə orduya və ölkənin cəsur və sadiq hərbçilərinə zorla qəbul etdirilmiş zəiflik dövrünün sonu hesab etmək lazımdır. Bundan sonra ordu öz düzgün yerində dayandı və taği və fasid Pəhləvi rejiminə məxsus olmaq əvəzinə millətin isti qucağına qayıtdı; çünki həqiqətən də ordu millətin övladıdır və xalqın evlərinin içindən çıxır. Az sonra ordu Amerikanın, Pəhləvi tağutunun qalıqlarının və parçalanmış bir İran istəyən separatçıların məkrli planları qarşısında dayandı və dastanlar yaratdı.

İslam ordusu indi də əvvəlki iki təhmil olunmuş müharibədə olduğu kimi, mənsub olduğu torpağı və bayrağı qəhrəmancasına müdafiə edir və öz güclü ilahi və xalq dayağına söykənərək, sıx və möhkəm səflərdə, silahlı qüvvələrin digər mücahidləri ilə çiyin-çiyinə küfr və istikbar cəbhəsinin başında duran iki orduya qarşı pəncə-pəncəyə gəlmiş və onların zəifliyini və zəlilliyini dünyanın gözü önündə nümayiş etdirmişdir; onun pilotsuz uçan aparatları ildırım kimi amerikan və sionist cinayətkarların başına endiyi kimi, cəsur hərbi dəniz qüvvələri də düşmənlərə yeni məğlubiyyətlərin acısını daddırmağa hazırdır.

Digər tərəfdən, 29 fərvərdin həm də dövrün yeganəsi olan uca məqamlı şəhid rəhbərimizin doğum günüdür; o şəxs ki, inqilabın ilk onilliyindən ordunu onun ləğvi barədə məkrli səslər qarşısında qorumaq, sonra isə onun imkanlarını müxtəlif istiqamətlərdə yüksəltmək üçün ən böyük səyi göstərdi.

Şübhəsiz ki, ölkənin şərqindən qərbinə və şimalından cənubuna qədər keşiyini çəkən bu əsil xalq qurumunun müxtəlif imkanlarının inkişaf xətti ikiqat şəkildə izlənilməlidir və Allahın izni ilə yaxın gələcəkdə bunun həyata keçirilməsi üçün lazımi göstərişlər veriləcəkdir. Bu yolda son beş onillikdə ardıcıl rəhbər nəsillərində orduya rəhbərlik və istiqamət vermiş, bir çoxu şəhidlər sırasına qoşulmuş qəhrəmanların simasına, onların proqram və tədbirlərinə, həmçinin alicənab və səmimi məramlarına diqqət silahlı qüvvələrin bütün bölmələri üçün ibrətamiz və ilhamverici olacaqdır. Qərəni, Fəllahi, Namcu, Fəkuri, Babai, Səttari, Ərdəstani və Səyyad Şirazi kimi böyüklərdən tutmuş onun son məşhur şəhidləri Seyid Əbdürrəhim Musəvi və Əziz Nəsirzadəyə qədər.

Uca Allahın salamı və rəhməti İran İslam Respublikası Ordusunun bütün mücahidlərinə – onun əmirlərindən və komandirlərindən tutmuş səssiz və adsız-sansız işçilərinə və əsgərlərinə qədər; Uca Allahın salamı və rəhməti onun bütün fədakarlarına və qazilərinə; Həzrət Haqqın xüsusi salamı və rəhməti isə Amerikanın və sionist rejimin böyük İran millətinə qarşı təhmil etdiyi müharibənin bütün şəhidlərinin möhtərəm ailələrinə olsun.

Allahın salamı, rəhməti və bərəkətləri sizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei, 29 fərvərdin 1405