- Ana səhifə
- Müraciətlər
- 16 oktyabr 2026
Həzrət Zeynəbin (s.ə) mövludu və Tibb bacısı günü münasibətilə mesaj
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
بسم الله الرحمن الرحیم
Rəhman və Rəhim Allahın adı ilə
Hər il cəmadiyəl-əvvəlin beşi Allahın yaradılışının ən üstünləri sayılan beş pak şəxsin — Ali-Əbanın (Allahın salavatı və salamı ona və onlara olsun) məhəbbəti, tərbiyəsi və yaxınlığı kölgəsində boy atmış bir xanımın mübarək mövludunu xatırladır. Zeynəb Kubranın (Allahın salamı ona olsun) əlli ildən artıq müddətdə bu nurani məktəbdə tərbiyə alıb yetişməsi əsrlərin bu parlaq ulduzunda şərəf və üstünlük ünsürlərinin elə rəngarəng təzahürünü üzə çıxardı ki, bu, həmişə Allah övliyalarının tərif, təqdir və iftixar mənbəyi olmuşdur. Bu parıltının zirvəsi Aşura dastanında baş verdi. Bir tərəfdən Kərbəla düzünün məzlumlarına qarşı sonsuz şəfqət, xeyirxahlıq və səbirli qəmxarlıq; digər tərəfdən isə əzəmət və cəsarətin ən dəyərli rəmzlərindən biri olmaq.
İslami hərəkatın və İslam İnqilabının tarixi əvvəldən İran qadınlarının və qızlarının Zeynəbsayağı iştirakı səhnələri ilə doludur. Bu, üçüncü müqəddəs müdafiədə baş vermiş xalqın misilsiz oyanışı dövründə heyrətamiz keyfiyyət və kəmiyyət qazandı. İndi İslami İranın Zeynəbsayağı qadınları müxtəlif sahələrdə, xüsusən şəhər və kəndlərdəki meydanlarda qabarıq iştirakları ilə sərt müharibənin cəbhə arxasında əməli izahın və müqavimətin öncülləridir; belə ki, həmişə bu xalqın əzab-əziyyətini və sıxışdırılmasını istəyən zamanın tağutları bu böyük ordu ilə üz-üzə gəlməyə özlərində güc görmürlər.
Pak Ətrətə (Allahın salavatı və salamı onların hamısına olsun) könül vermiş bir diyarın insanları dərdlilərə mehribanlıq, onlarla həmdərd olmaq və onlar üçün fədakarlıq göstərmək cəhətini nəzərə alaraq, Zeynəb Kubranın mövlud gününü haqlı olaraq tibb bacısı məqamının ehtiram günü hesab etmişlər. Çünki bu əxlaqi sifətlərin və insani dəyərlərin çoxu zəhmətkeş və dəyərli tibb bacıları təbəqəsində aşkar görünür. Tibb bacısının rolu həkimlər, müəllimlər və tərbiyəçilər, ruhanilər və xilasedicilər kimi bəzi digər təbəqələrin rolu kimi həyat verən və ümid bəxş edən roldur. Buna görə də tibb bacısına bəzən rəhmət mələyi kimi baxılır; bu da o zamandır ki, dərdli və əzab çəkən şəxslərin kobudluğu və səbirsizliyi qarşısında xəstələrin rahatlığını, ümidini, sağalmasını və müalicəsini, nəticədə isə ilahi rəhmətin nazil olmasını təmin edir. Əlbəttə, tibb bacılarının xəstələrin müalicəsindəki rolu həkimlərdən fərqli olaraq davamlı, ardıcıl və səbirli iştirak tələb edir. Bu cür iştirakın təsiri cismani məsələlərdən kənara çıxır, psixoloji və ruhi ağrılara məlhəm olur və bir çox hallarda ümidsizliyin üstələməsinin qarşısını alır. Beləliklə, həkimlərin gücündən kənarda olan iş bu qayğıkeş rolun ifası ilə həyata keçirilir.
İstikbarın xəbis şəbəkəsinin azadə və müqavimətçi xalqlara, xüsusən İran xalqına hər cür zülm və cinayət yetirmək üçün heç bir səydən çəkinmədiyi və o cümlədən müalicə və dərmanla bağlı müxtəlif məhdudiyyətlər yaratmaqla böyük İran xalqına əzab vermək istədiyi bir zamanda, tibb bacılarına diqqət, tibb bacıları birliyinin gücləndirilməsi, tibb bacılarının — xüsusən özlərini qeyri-özəl qurumlarda çalışmağa həsr etmiş olanların — biliyinin, bacarığının, gücünün, nəşəsinin, motivasiyasının və ləyaqətinin qorunması və yüksəldilməsi cəmiyyətin cismani və ruhi sağlamlığına və təhlükəsizliyinə mühüm təsir göstərir. Buna görə də səhiyyə sahəsinin məsul şəxslərindən gözlənilir ki, öz öhdəlikli fəaliyyətlərinin davamı olaraq bu mühüm işləri prioritet saysınlar.
Bu bəndə bu iki münasibəti əziz xalqa, İslami vətənin vəzifəşünas və iradəli xanımlarına və xüsusilə tibb bacısı peşəsində çalışan bacı və qardaşlara təbrik edirəm.
Sonda tibb bacıları birliyinin məzlum və fədakar şəhidləri, xüsusən ikinci və üçüncü təhmil olunmuş müharibələrdə və 1404-cü ilin dey ayındakı fitnədə şəhid olmuş tibb bacıları üçün ilahi rəhmət diləyir və ümid edirəm ki, sərvərimizin (Allah onun şərəfli fərəcini tezləşdirsin) duası ilə Uca Allah İran xalqına əvvəlkindən daha çox izzət və qüdrət və Zeynəb (Allahın salamı ona olsun) məktəbinin ardınca getməyə layiq olan hər şeyi əta edəcək.
Seyid Müctəba Hüseyni Xamenei, 24 mehr 1405