Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

بسم الله الرحمن الرحیم
Rəhman və Rəhim Allahın adı ilə

Bu günlər rəvayətlərdən birinə görə, Cənnət əhli qadınlarının sərvəri və xanımı, ən pak Siddiqə Həzrət Fatimeyi-Zəhranın (Allahın salavatı və salamı ona olsun) şəhadət günlərinə təsadüf edir. O Həzrətin şəhadət vaxtının naməlum qalması təəccüblüdür; necə ki, o ilahi nurun şərəfli dəfn yeri də gizli qalıb və ali mərtəbədə o Həzrətin qədir və mənzilləti də naməlum və bəşər anlayışından üstündür. İbadətdə, ubudiyyətdə və Allaha bəndəlikdə nümunəvi şəxsiyyət; Əzəmətli Peyğəmbərlə xüsusi və hərtərəfli həmrahlıqda və Əmirəl-mömininin (Allahın salavatı və salamı onlara və onların ailələrinə olsun) vilayətini canla-başla müdafiədə, mərifət öyrətməkdə və təlimdə, məqamı tanımaqda və haqq uğrunda qiyamda, mətanətdə və təbyində ən uca nümunə; cəmiyyətdə səbirdə, fədakarlıqda, isarda, minnətsiz xidmətdə və həmrəylikdə birinci dərəcəli örnək; həyat yoldaşlığında, analıqda və bəşəriyyətin rəhbərləri olan pak imamların (Allahın salavatı və salamı onlara olsun) övladlarını və nəslini tərbiyə etməkdə nümunə; səydə, çalışqanlıqda, mücahidədə, paklıqda, ləyaqətdə, təqvada, nuraniyyətdə və mənəviyyatda nümunə; bir sözlə, bütün mömin qadın və kişilər üçün örnək. Fatimi cəmiyyətin parlaq fəzilətlərindən biri budur ki, böyük ictimai hərəkatların, mübarizə və cihad meydanlarında və xalq hərəkatlarında iştirakın, hətta elmi sahələrdə tərəqqi iradəsinin və təvazökar, minnətsiz xidmətin yol xəritəsini inqilabçı və müsəlman İran xalqı üçün açır.

Əziz İranımız bu zaman kəsiyində hər şeydən çox iradə və ümidin təcəssümüdür və bu ümiddə, tərəqqidə və onun parlaq gələcəyi yolunda addımlamaqda elitaların, istedadlı və bacarıqlı İran gənclərinin rolu əvəzsizdir. Lakin elitalığın coğrafiyası elm və texnologiya, yaxud idman və müxtəlif bacarıqlar sahəsi ilə məhdudlaşmır. Hər cür müsbət və arzuolunan üstünlük elitalığı gerçəkləşdirə bilər. Bu günlərdə biz bu diyarın insanları arasından daha geniş üfüqə nəzər salaraq vətənlərinin müqəddəs bayrağını ucaltmaq yolunda mücahidə edən seçilmiş şəxslərin elitalığının təzahürünün şahidiyik. Onlar bəsirət və cihad elitalarıdır. Biz “Rizəli Xacəvi”ləri və “Əli Ləndi”ləri adları mədəniyyət məkanlarının girişinə yazılmalı olan elitalar hesab edirik; cəmiyyətin bu seçmə çiçəklərindən biri də canlarını və sağlamlıqlarını fəda etməklə İslami İranın və onun əziz xalqının taleyinə fövqəladə təsir göstərən və bəndəlik medalını Tək Məbuddan alan şəhidlər və isarçılardır.

Əvvəlcə fürsətdən istifadə edərək astronomiya və astrofizika, riyaziyyat, yer elmləri, coğrafiya, fizika, kimya, biologiya, kompüter və süni intellekt, humanitar elmlər olimpiadalarında çoxsaylı nişanların, medalların və elmi uğurların, eləcə də son dövrdəki müxtəlif idman uğurlarının qazanılmasını ölkəmizin bütün əziz xalqına və iftixar yaradanların hər birinə təbrik edir, iftixar və ümid karvanının öncüllərinin və ölkənin tərəqqisinin bayraqdarlarının — yeniyetmə və gənclərdən məşqçilərə, müəllimlərə, ustadlara və müdriklərə qədər bütün elita təbəqələrində — əzm və iradəsinə öz ehtiramımı və minnətdarlığımı bildirirəm. Elitaların ölkədə dəyişiklik üçün motivasiyası və ümidi bu həqir bəndənin keçmiş illər və onilliklər boyu yaxından və uzaqdan şahidi olduğu parlayan bir məşəldir; elitaların və ölkədəki elmi axının böyük və ümidverici hərəkatını, bu hərəkatın elmi sahələrdə, olimpiadalarda və idman növlərində təkrar-təkrar, ardıcıl və hər il qazanılan çempionluqlarda təzahürlərini görmək bütün İran xalqı üçün iftixar və qürur doğurur.

Ölkəmizin zəhmətkeş idmançılarının son gün və aylarda müxtəlif idman növlərində əldə etdikləri parlaq yerlər və qoyduqları yeni rekordlar onların səyindən, himmətindən, iradəsindən və imanından xəbər verir. Bədən gücü, ruhi, əxlaqi və imani qüvvələri və fasiləsiz səyləri ilə bütün xalqların gözü qarşısında əziz İranın qüdrətini artıran və qeyrətli İran xalqının canlılığını bütün dünyaya nümayiş etdirən idmançılar; İran qadınının örtüyünün iftixarlı nişanəsini dünyada parladan qadın idmançılar; İran xalqının qəlbində sevinc və həyəcan yaradan və İslami İranın şərəfli bayrağına izzət bəxş edən medalçı idmançılar — hər biri öz ölçüsündə güclü İrana məna verilməsində şərikdir və təsirlidir.

Bu günlər universitetlərdə, elmi hövzələrdə və məktəblərdə elmə və tədqiqata nəşə və diqqət günləri olduğundan, bu barədə elm həvəskarları, xalqın elitaları və əziz İranın müdrikləri ilə qısa söhbət etməyi münasib bilirəm.

Elitalıq ilahi nemət və bəxşişdir, onun əsas sərmayəsi istedad və intellektdir; İran xalqı, xüsusən ölkəmizin gəncləri Allahın bəxş etdiyi bu nemətdən və böyük sərvətdən bəhrələnirlər. Ağıl və bəndəliyin şərti budur ki, insan ilahi nemətin şükrünü layiqincə yerinə yetirsin; əgər şükür qəlbi, dil və əməli bütün mərtəbələrində həyata keçirilərsə, o nemətin kamilliyinə çatmaq yolu hazırlanar. Elitalıq nemətinin qədrini bilmək də əvvəlcə elitar şəxsin özü, sonrakı mərtəbələrdə isə onun ətrafı — atadan, anadan, ailədən, müəllimdən və ustaddan tutmuş məktəb və universitet mühitinə və ölkənin quruluşuna qədər — tərəfindən həyata keçirilməlidir ki, bu potensial inkişaf edib artsın və düzgün istifadə olunsun. Buna əsasən, elitar şəxs bu nemətin əməli şükründə daha ağır məsuliyyət daşıyır və ona layiqdir ki, öz elitalığını gücləndirib inkişaf etdirməklə yanaşı, bu istedadı ölkənin və cəmiyyətin problemlərinin həllində ən gözəl şəkildə istifadə etsin.

Elita o şəxs deyil ki, sırf diqqətəlayiq istedada və zəkaya malik olduğu üçün özünü başqalarından ayrı tutaraq yalnız ötəri və şəxsi istəkləri barədə düşünsün; elita o şəxsdir ki, istedadının inkişafı qayğısını çəkir, özünü cəmiyyətdə təsirli bir ünsür kimi tanımlayır və istedadından və potensialından həm özünün, həm də cəmiyyətinin inkişafı üçün eyni zamanda istifadə edir. İranlı elita göstərib ki, bilik və istedadı xalqın və ölkənin real problemlərinin həlli vasitəsinə çevirmək olar; o, kök hüceyrələrdən, nano və biotexnologiyalardan tutmuş aviasiya və kosmos, sənaye və mədən, tibb, kənd təsərrüfatı, nüvə, enerji və infrastruktur sahələrindəki qabaqcıl texnologiyalara qədər elmini, biliyini və elitalığını tətbiq olunan hala gətirməyə çalışıb. Hamımız bu irəliləyən hərəkatın nəticələrini və təzahürlərini real həyatda görürük. Elektrik stansiyalarında İran istehsalı olan turbinlərlə elektrik enerjisinin istehsalı, cənub adalarındakı duzsuzlaşdırma qurğularında biliyə əsaslanan texnologiya, kənd təsərrüfatı əməliyyatlarını, su və torpaq istifadəsini optimallaşdırmaq üçün tarlaların, bağların və şimaldakı çəltik sahələrinin üzərində uçan kənd təsərrüfatı dronları, Royan İnstitutunun qabaqcıl texnologiyaları ilə sonsuz ailələrin övladlarının dünyaya gəlməsi, radiofarmpreparatlarla çətin müalicə olunan xəstəliklərin diaqnostikası və müalicəsi, müşahidə peykləri ilə torpağın, suyun və məhsulların monitorinqi, elmi və texnoloji innovasiyalarla məhsuldarlığın və ərzaq təhlükəsizliyinin artırılması bu böyük və bərəkətli toplunun yalnız deyilə bilən bir neçə nümunəsidir; bunlardan bir çoxu, xüsusən müdafiə və hərbi sahələrdə, öz vaxtında dəfələrlə dünyanın gözlərini qamaşdırıb və gələcəkdə də belə olacaq.

Güclü İran elmi və texnoloji qüdrət üzərində dayanır və bu ox İranın yeni dünya tənliklərində və nizamında rol oynamasının ən mühüm komponentlərindən biridir. Deməli, onun getdikcə daha da güclənməsinin açarı elitaların ölkənin elmi məsələlərində sərhədləri aşması və həll yolları açmasıdır; İslami İranın düşmənlərinin alimlərə və elitalara qarşı xəbasəti və cinayətləri də elitaların ölkənin qüdrətindəki təsirli rolunu göstərir. Cəmiyyətimizin görkəmli alimlərini və təsirli elitalarını ikinci və üçüncü təhmil olunmuş müharibələrdə, əlbəttə, ondan illər əvvəl də elmi mühitlərində və adi həyatlarında terror edən düşmən İranın tərəqqisini və qüdrətini görməyə dözə bilmir və əziz İranın elitalarını zəiflətmək üçün bütün vasitələrindən və üsullarından istifadə edir: onları ümidsizləşdirmək və məyus etməkdən tutmuş zehinlərini və ruhlarını ələ keçirməyə, yeni müstəmləkəçiliyin mədəsində həzm olunmalarına və Qərbin talan və kapitalizm maşınının vint və qaykasına çevrilmələrinə qədər. Halbuki düşmən bundan qafildir ki, bu xalqın şəhid elitalarının, alimlərinin, ustadlarının, tələbələrinin və şagirdlərinin qanının hər damlası iradə və tərəqqi tufanı qoparıb və qoparmaqdadır.

İran xalqı öz qədim sivilizasiyasını, elm və texnika sahələrindəki müxtəlif iftixarlarını, dünyaca məşhur görkəmli şəxsiyyətlərə və alimlərə malik olmasını, eləcə də Qacar və Pəhləvi dövrlərindəki iki əsrlik ağır geriləməni və tarixi passivliyi xatırlayır. Bu xalq «اَلعِلمُ سلطان» (elm hakimiyyətdir) qalibiyyətli üst-strategiyasının qədrini və onun Qərbin elmi hökmranlığını qəbul etməməkdəki nəticələrini, eləcə də son üç onillikdə elitaların sürətli elmi və tədqiqat inkişafını — ki, onun xeyli hissəsi uca şəxsiyyətli şəhid Rəhbərin (Allah onun pak ruhunu müqəddəs etsin) xüsusi tədbirlərinin və rəhbərliyinin bəhrəsidir — bilir. Əgər indiki mərhələyə və üçüncü təhmil olunmuş müharibəyə qədər yeni elmi yüksəliş elitalar üçün lazımi və zəruri tövsiyə idisə, son iki müharibənin təcrübəsi hamıya sübut etdi ki, bu yeni elmi yüksəliş dərin və sürətli olmalıdır. Bu məqsəd üçün elmi, tədqiqat və texnologiya qurumlarının və mərkəzlərinin məsul şəxsləri ilə yanaşı, əziz İranın hər bir elitası və müdriki İslami İranın şanlı gələcəyini qurmaq, onun tərəqqisi və abadlığı yolunda öz əsas missiyasına səy göstərməli və aşağıdakı məqamlara diqqət yetirməlidir:

Birincisi, ölkədə fundamental elmlərin və humanitar elmlərin inkişafı üçün ciddi və dəqiq praktik proqram olmalıdır. Digər elmlərin və tətbiqi texnologiyaların əsas təməlləri kimi fizika, kimya, biologiya və riyaziyyat kimi fundamental elmlərin inkişafı və genişlənməsi ölkənin elmi və texnoloji tərəqqisinin hərəkətverici qüvvəsidir. Bir yerə çatmış hər bir xalq fundamental elmlər vasitəsilə çatıb və bu elmlərdə inkişaf olmadan ölkə həmişə geridə qalır.

İkincisi, kəşf olunmamış həqiqətlərə diqqət, fundamental elmlərdə sərhədləri aşmaq və bu elmlərdə, xüsusən riyaziyyatda məşhur həll olunmamış məsələləri həll etmək üçün bir hədəf və məqsəd kimi daimi yarış davamlı olaraq diqqət mərkəzində olmalıdır.

Üçüncüsü, elmi yüksəlişdə açar nöqtə yaradıcılıq və innovasiyadır. Bütün və ya əksər elmlərdə inkişafın və açılışın əsas ünsürü olan yaradıcılığa və müsbət təxəyyülə meydan vermək, ixtira, yaratma və təşəbbüs üçün elmi cəsarət, yeni və gedilməmiş yolları sınamaq üçün şəxsi və milli özünəinamın artırılması çox zəruri və faydalıdır. Səmərəli yaradıcılıq təqdim edə bilən hər kəs üçün məqbul və cəlbedici həvəsləndirmələrin nəzərdə tutulması bu məsələnin zəmininin hazırlanmasında təsirlidir.

Dördüncüsü, elmi problemlərin həllində özünə arxalanmaq, ölkə hüdudlarından kənarda fəaliyyət və əməl üçün infrastrukturları təmin etmək və texnoloji darboğazları aradan qaldırmaq qlobal səviyyədə üfüqlər açmaq üçün daxili quruluşun möhkəmliyindən ibarət bir birləşmə yaradır.

Beşincisi, eksperimental və praktik sahələrin elitalarının istedadına, o cümlədən tələbəliyin ilk illərindən sənayenin universitetlə əlaqələndirilməsində meydan vermək və biliyə əsaslanan biznesləri asanlaşdırmaq biliyin tətbiqində və elitaların inkişafında mühüm rol oynayır. Ölkənin elm və texnologiya potensiallarının eyni istiqamətə yönəlməsi, elitalar və elmi-tədqiqat mərkəzləri ilə biliyə əsaslanan şirkətlər, sənaye müəssisələri və hətta startaplar arasında əlaqənin gücləndirilməsi, icra orqanlarının bilikdən istehlaka qədər zəncirə dəstəyi ilə yanaşı, sudan, torpaqdan, ərzaqdan və enerjidən süni intellektə qədər ölkənin bu günü və sabahının mühüm məsələləri ətrafında ustadın və tələbənin iş masasını universitetlərin və tədqiqat mərkəzlərinin laboratoriyalarından emalatxanalara və zavodlara bağlaya və köçürə bilər. Sürətli sıçrayış o zaman reallaşar ki, məhsul və xidmətlərin kommersiyalaşdırılmasının iqtisadi mənafeləri və bazarı elitaların motivasiyası və iradəsi ilə qovuşsun və elm və tədqiqat institutunun sənaye və istehlak bazarı ilə davamlı və fasiləsiz əlaqəsini qursun.

Həmçinin universitetin və hövzənin müxtəlif nəzəri və eksperimental sahələrinin elitalarının planlaşdırma və siyasət müəyyənləşdirmə səviyyələrində birbaşa və təsirli rol oynaması ölkənin tərəqqisinə böyük kömək edir və məsul şəxslər öhdəlikli elitaların fərdi potensiallarından, rasionallığından və kollektiv zəkasından geniş şəkildə bəhrələnməyə borcludurlar.

Əgər bu yol düzgün getsə, biliyin ağırlıq mərkəzi və ocaqları, xüsusən fundamental elmlərin bəzi növləri tədricən Qərb ölkələrindən İrana gələcək, ölkə çox da uzaq olmayan illərdə elmi və texnoloji istinad mərkəzinə çevriləcək və müdrik və şəhid Rəhbərimizin (Allah onun şərəfli məqamını ucaltsın) əvvəllər qeyd etdiyi fars dilinin dünyanın elmi istinad dillərindən birinə çevrilməsi hədəfi reallaşacaq.

İnşallah elitalıq sahəsinin şəhidlərinin qanının və sərvərimiz və mövlamızın (Allah onun şərəfli fərəcini tezləşdirsin) xeyir-duasının bərəkəti ilə xalqın elitalarının və müdriklərinin dərin və sürətli elmi yüksəlişi və getdikcə daha güclü İranın hərtərəfli tərəqqisi yeni İslami-İran sivilizasiyasına çatmaq üçün gerçəkləşsin və mümkün olsun.

Seyid Müctəba Hüseyni Xamenei, 4 aban 1405